Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

“Mədəniyyət dünyası” jurnalı ildə 2 dəfə nəşr olunan elmi jurnaldır. Jurnalda  məqalələr azərbaycan,  rus və ingilis dillərində çap olunur.

Jurnalın əhatə dairəsi: sənətşünaslıq, (muzeyşünaslıq, sosial-mədəni fəaliyyət) teatr sənəti, kino, televiziya və digər ekran sənətləri, təsviri sənət, musiqi sənəti, fəlsəfə, psixologiya ixtisasları.

*Məqalələr jurnalın əhatə dairəsinə uyğun olmalıdır.

Jurnala  təşkilati-hüquqi formasından asılı olmayaraq,  respublikada və xaricdə ali təhsil müəssisələrində və elmi tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, doktorantura (dissertantura) təhsilini bitirmiş şəxslər, fəlsəfə doktoru elmi dərəcəsi almış, həmçinin elmi-pedaqoji fəaliyyətlə məşğul olan bütün şəxslər (Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən xarici ölkə vətəndaşları)  məqalə ilə müraciət edə bilər.

*Jurnalın hər nömrəsi üçün hər müəllifdən yalnız 1 məqalə qəbul edilə bilər.

*Jurnala daha öncə heç bir yerdə çap olunmamış orijinal məqalələr göndərilməlidir.

Məqalə formatı:  Məqalələr Microsoft Word redaktorunda Times New Roman şrift  ilə, 12 ölçüdə, 1,5 intervalla,  A4 formatlı ağ vərəqdə tərtib edilməlidir. Paraqraflar arasında əlavə boşluq qoyulmamalıdır. Mətndə vurğulanan hissələr kursivlə yazılmalıdır. Sitatlar aşağıdakı şəkildə verilməlidir: sitat dırnaqda verildikdən sonra mötərizədə, müəllifin familiyası və inisialları, nəşr ili, səhifə göstərilməlidir; nöqtə mötərizədən sonra qoyulur. Məsələn: “Payızda yarpaqlar rəngini dəyişir” (Smit, C., 1995, s. 43). Abzaslarda sətirbaşları probel və tabulasiyalarla deyil, yalnız Word redaktorunun abzas altproqramı ilə yerinə yetirilməlidir. Durğu işarələri qarşısındakı sözlərə bitişik yazılmalıdır. Sözügedən işarələrdən sonra bir hərfdən ibarət boşluq qalmalıdır. Məqalədə səhifə nömrəsi qeyd edilməməlidir.

Məqalənin həcmi: 6 səhifədən az, 20 səhifədən çox olmamalıdır.

Müəllif:  Məqalənin başlanğıcında məqalənin UOT indeksi, müəllifin soyadı, adı, atasının adı, müəllifin ORCID nömrəsi, işlədiyi müəssisə, elmi dərəcəsi və ya fəxri adı, elmi adı, elektron poçt ünvanı, daha sonra məqalənin adı (bütün hərflər böyük və qalın), məqalə hansı dildə yazılmışsa həmin dildə qısa  xülasəsi (150-250 söz)  və açar sözlər (3-5) verilməlidir.

Qeyd: 1. Məqalənin UOT indeksini bilməyənlər https://risale.az/uploads/Universal-Onluq-Tesnifati-_UOT_.pdf linkinə keçidlə ixtisaslarına uyğun UOT-ları əldə edə bilərlər.

  1.  ORCID kodu olmayan müəlliflər https://orcid.org/ saytında qeydiyyatdan keçməli, birdən çox müəllifi olan məqalələrdə müəlliflərin hər biri ORCID nömrələrini qeyd etməlidir.

Məqalənin strukturu: Məqalələr Xülasə, Açar sözlər, Giriş, Əsas hissə: nömrələnmiş paraqraflar  (iddianın sübutu), Nəticəİstinad edilmiş ədəbiyyat bölmələrindən ibarət olmalıdır.

Rus dilində – цель исследования, метод исследования, результаты исследования.

İngilis dilində – Introduction, Design/method/approach, Findings (Results).

Xülasə:  Məqalə məzmununun qısa, lakin hərtərəfli təsvir edilməsidir. Belə ki, xülasədə məqalənin hər bir mühüm hissəsi (Giriş, Əsas hissə) haqqında yığcam məlumat verməlidir. Xülasə:

  • Məqalənin məqsəd və məzmumunu düzgün əks etdirməli;
  • Məqalədə olmayan məlumatlara yer verilməməli;
  • Təkrara yer verilməməli;
  • Xülasənin ilk cümləsi məqalənin ən vacib məqamını əks etdirməli;
  • Lazımsız, xüsusi məna kəsb etməyən cümlələrə yer verilməməli;
  • İstinadlar istifadə edilməməli;
  • Məqalədən gəlinən nəticə əks olunmamalıdır.

Açar sözlər: oxucunun məqaləmizi daha asan tapması üçün imkan verir.

Giriş: Giriş araşdırılan problemin inkişafı, o cümlədən onun tarixi keçmişi və araşdırmanın məqsədinin ifadəsidir. (Apa style səh 10.) Maksimum 1 səhifədən ibarət olan bu bölmənin əsas məqsədi seçilən mövzu haqqında ilkin məlumat verməkdir.

Ədəbiyyat siyahısı: Ədəbiyyat siyahısı məqalənin sonunda əlifba sırası ilə və aşağıdakı qaydada tərtib olunmalıdır.

Kitablar üçün: Müəllifin soyadı, adının baş hərfi, nəşr ili, kitabın adı, şəhər: nəşriyyat. Məsələn: Smit, C. (1995). Müasir incəsənət məkanında süni intellekt. Bakı: ADMİU-nun Nəşriyyatı.

Jurnallar üçün: Müəllifin soyadı, adının baş hərfi, nəşr ili, məqalənin adı. Jurnalın adı, nömrəsi, məqalənin ilk və son səhifəsi. Məsələn: Smit, C. (2010).  Ehtiyat tədbirləri. ADMİU-nun Elmi əsərləri, 16(7), 26.

Qəzet məqalələri üçün: Müəllif (soyadı, inisialları). Məqalənin adı // nəşrin adı. – nəşr ili, tarixi. – s. Məsələn: Abdullayev, F. Azərbaycanı Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il keçir // Respublika. – 2019, 9 noyabr. – s. 2.

Konfrans materialları üçün: Müəllif (soyadı, inisialları) Məruzənin adı // konfransın adı, ‒ şəhər: nəşriyyatın adı, – tarixi, – nəşr ili, – s. Məsələn: Абдуллаев, С.К., Карамалиев, Н.Р. Весовые оценки сингулярных, слабо сингулярных интегралов, максимальных и дробно максимальных функций, ассоциированных обобщенным сдвигом // Труды IV Международного симпозиума «Ряды Фурье и их приложения», – Ростов-наДону: – 28 мая – 3 июня, – 2006, – с. 44-52.; Gatys, L.A., Ecker, A.S., Bethge, M. Image style transfer using convolutional neural networks // IEEE Conference on Computer
Vision and Pattern Recognition. Las Vegas, Nevada, USA, – 2016, – p. 2414-2423.

İnternet resursları üçün: Müəllifin soyadı, inisialları. (Materialın nəşr ili, il göstərilməyibsə, “tarix yoxdur” ifadəsini bildirən “t. y.” hərflərini yerləşdirin). Veb-səhifənin başlığı. Saytın adı. URL. Məsələn: Qafarov, V. (2024). Sabah Don Kixot bizə gələcək! Teatro. URL: https://teatro.az/az/post/vidadi-qafarov—sabah-don-kixot-bize-gelecek-1242

Arxiv materialları üçün: Sənədin adı // arxivin adı, fondun, siyahının, işin nömrələri, vərəqlərin sayı. Məsələn: Xarici İşlər naziri Məhəmməd Həsən Hacınskinin məruzəsi (Gənсə: 15 iyul 1918-ci il) // Azərbaycan Respublikası Dövlət Arxivi, Fond № 1061, siyahı №1, iş № 95, vərəq – 11.

Kartoqrafik nəşrlər (Xəritələr, atlaslar) üçün: Müəllif (soyadı, inisialları) əgər varsa, əsərin adı [nəşrin növü] /miqyas / ‒ şəhər: nəşriyyat, – nəşr ili. – həcmi. Məsələn: Azərbaycan Respublikasının Milli Atlası [Xəritə] / – Bakı: Bakı Kartoqrafiya fabriki, – 2014. – 444 s.; Dünyanın fiziki xəritəsi [Xəritə] / 1:50 000 000 / – Bakı: Bakı Kartoqrafiya fabriki, – 2005. – 1 v.

Normativ-hüquqi sənədlər üçün: Rəsmi sənədin adı // qəbul edilməsi və dəyişikliklər haqqında məlumat. ‒ şəhər: nəşriyyat, ‒ nəşr ili. – həcmi. Məsələn: Azərbaycan Respublikasının Konstitusiyası // 12 noyabr 1995-ci
ildə qəbul edilmişdir (24 avqust 2002-ci il tarixdə olan dəyişiklik və əlavələr). – Bakı: Qanun, – 2002, – 48 s.; Международная конвенция об охране нематериального культурного наследия // Организация Объединенных Наций по вопросам образования, науки и культуры. – Париж: ЮНЕСКО, – 2011. – VII, – 103 с.

Notlar üçün: Notlar Müəllif (soyadı, inisialları) əgər varsa, əsərin adı [Notlar]: / Klavir, partitura və s. – şəhər: nəşriyyat, – nəşr ili. – həcmi.  Məsələn: Hacıbəyli, Ü. Leyli və Məcnun operası [Notlar]: / Klavir. – Bakı: İşıq, – 1984. – 240 s. Караев, К.А. Третья симфония для камерного оркестра [Ноты]: – Москва: Советский композитор, – 1968. – 110 с.

Təsviri materiallar üçün: Müəllif (soyadı, inisialları) və ya əsərin adı [əsərin növü] / Müəllif (inisialları, soyadı); mənbə. ‒ şəhər: nəşriyyat, – nəşr ili. – həcmi. Məsələn: Azərbaycan – Ana Vətən [İzomaterial] / Kamil Nəcəfzadənin əsərlərinin sərgisi; Azərbaycan Rəssamlar İttifaqı. – Bakı: Azərbaycan, – 1992. – 15 s.

 

 

 

APA (American Psychological Association) Nəşr Təlimatında (APA Standartları) əsasən GİRİŞ hissəsi belə xarakterizə edilir:

  1. Problemi təqdim edin: Məqalənin konturu tədqiqat mövzusunu təqdim edən və tədqiqat strategiyasını təsvir edən girişlə başlayır.

Giriş yazmadan əvvəl aşağıdakı sualları nəzərdən keçirin:

-Problemin həlli niyə vacibdir? (niyə aktualdır?)

-Tədqiqat bu sahədə əvvəlki işlərlə necə əlaqələndirilir?

-Əgər tədqiqatın digər aspektləri daha əvvəl təqdim olunubsa, bu hesabat digərlərindən nə ilə fərqlənir və hansı fərqlərə əsaslanır?

-Tədqiqatın əsas və ikinci dərəcəli fərziyyələri və məqsədləri hansılardır?

-Əgər varsa, onların nəzəriyyə ilə hansı əlaqələri var?

-Hipotezlər və tədqiqat dizaynı bir-biri ilə necə əlaqəlidir?

-Tədqiqatın nəzəri və praktiki nəticələri hansılardır?

Yaxşı bir giriş bu suallara cavab verir və müvafiq arqumentləri və məlumatları ümumiləşdirir, oxucuya nə edildiyini və niyə edildiyini başa düşməyə imkan verir.

  1. Problemin əhəmiyyətini aşkarlayın: Problemin niyə araşdırıldığını bildirin.

– Əgər nəzəri bir araşdırmadırsa: Nəzəri araşdırmaya çıxışın genişləndirilməsinə və/yaxud keçmiş tədqiqatlarda əldə edilmiş nəticələrdəki uyğunsuzluqların aradan qaldırılmasına ehtiyac ola bilər.

– Tətbiqi tədqiqatdırsa: sosial problemin həlli ehtiyacını ehtiva edə bilər.

– Tədqiqat mübahisəli məsələləri həll etmək məqsədi daşıdıqda, girişdə müzakirənin bütün aspektləri ölçülüb-biçilmiş şəkildə təqdim edilməlidir.

– Bildirilən məzmunun nə üçün vacib olduğunu və məqalənin sahənin artan anlayışına necə uyğun gəldiyini aydın şəkildə ifadə edin.

  1. Əlaqədar araşdırmaları qeyd edin: Mövzu ilə bağlı  araşdırmalardan bəhs etsəniz belə, ətraflı və uzun təfərrüata varmayın

– Əvvəlki əsərlərə istinad həm uyğun tarix verəcək, həm də başqalarının işinə verilən önəmi nümayiş etdirəcək. Bu həm də maarifpərvər yazıçının elmi məsuliyyətidir və biliklə böyüyən elmin inkişafı üçün zəruridir.

– Girişdə birbaşa mövzu ilə bağlı olmayan ümumi tədqiqatlara istinad edilməməlidir.

– Vacib olmayan detallardan çəkinin. Bunun əvəzinə müvafiq tapıntılar, metodoloji problemlər və əsas nəticələr haqqında məlumat verin.

  1. Tədqiqatın metodologiyası: Problemi təqdim etdikdən və əvvəlki tədqiqatlara toxunduqdan sonra problemin həlli üçün hansı yanaşmanı seçdiyinizi izah etməlisiniz.

– Empirik tədqiqatlarda siz tez-tez fərziyyənizi və ya əsas sualınızı ifadə etməklə və ya onların nəzəriyyədən necə yarandığını və ya əvvəlki məlumat və müzakirələrlə məntiqi əlaqəni izah etməklə buna nail ola bilərsiniz.

– Hər bir fərziyyə və ya sual üçün məntiqinizi aydın şəkildə ifadə edin.

– Əgər fərziyyə və suallarınızdan bəziləri digərlərindən əvvəl gəlirsə, birinci gələnləri qeyd edin və tədqiqat dizaynınızın hipotezinizi necə dəstəklədiyini izah edin. (APA Publication Manual 2015.s.51-53)

Əsas hissə: Məsələnin qoyuluşu, məsələnin həlli kimi bir sıra məsələləri özündə əks etdirməlidir. Bir neçə alt başlıqdan ibarət ola bilər. Bu alt bölmələrə tədqiqatı başa düşmək və təkrarlamaq üçün vacib olan məlumatlar daxil edilir. Qeyri-kafi təfərrüat oxucunu suallarla tərk edir; Həddindən artıq təfərrüat oxucunu əhəmiyyətsiz məlumatlarla yükləyir. (Apa style səh 29.) Məqalənin təməl hissəsində əks olunan bütün məlumatlar adekvat və müəyyən ardıcıllıqla verilməlidir. Üsul və İddianın sübutu əsas hissədə yer almalıdır. Üsul araşdırmanın aparılması üçün istifadə olunan prosedurların təsviridir.

Nəticə:    

Məqalənin sonunda elm sahəsinin və   məqalənin xarakterinə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və sair aydın şəkildə verilməlidir. Nəticə:

  • Aydın və sadə olmalıdır;
  • Məqalə üzrə aparılmış təhlil ümumiləşdirilməli;
  • yeniliklər təfərrüatlı şəkildə ortaya qoyulmamalı;
  • yalnız gözlənilən nəticələr deyil, eyni zamanda gözləntilərə zidd olanlar da əks olunmalı;
  • mövzu ilə bağlı gələcək tədqiqatlar təklif edə bilər.

Aşağıdakı məsələləri də nəzərdən keçirə bilərsiniz:

Nəticələrin nəzəri, klinik və ya praktiki əhəmiyyəti nədir və bu şərhlər üçün əsas nədir? Bu araşdırma əsasında müraciətlərə zəmanət verilirmi?  Bu tapıntılara görə hansı problemlər həll olunmamış qalır və ya yeni problemlər yaranır? (Apa style səh 36.)

Şəkil, cədvəl, fotoşəkillər. Maksimum 10 şəkil istifadə olunmasına icazə verilir. Şəkillər, cədvəllər və fotoşəkillər yazı sahəsindən kənara çıxmamalı və zəruri hallarda hər biri ayrıca səhifədə olmalıdır.

  • Şəkillər və cədvəllər nömrələnməli və məzmununa uyğun olaraq adlandırılmalıdır.
  • Məqalədə yer alan bütün rəqəmlərə mətndə istinad edilməlidir.
  • İstifadə olunan bütün foto, şəkil və notlar məqalənin mövzusu ilə birbaşa əlaqəli olmalı, əlaqəli olduğu mətn ilə mütənasib olmasına diqqət yetirilməldir.
  • Göndəriləcək hər bir vizual material ən azı 300 dpi (rəngsiz 600 dpi) təsvir ölçüsündə jpeg formatında olmalıdır (zəif təsvir keyfiyyəti olan şəkillər istifadə olunmayacaq).
  • Şəkil (cədvəl, fotoşəkil) istifadə olunduğu qaynaq qeyd edilməlidir.

Musiqi notları.

Əlyazma yox, Siberius, “MusScore” və “Finale” proqramlarından biri ilə yığılmış notlardan istifadə olunmalıdır.